04.07.2015
“Renessans Palace”-a xüsusi nişan təqdim olunub

Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Yasamal Rayonu, Zahid Xəlilov küçəsi, 576-cı məhəllədə inşa olunan “Renessans Palace” yaşayış kompleksinə, tikinti işlərinin başlanılması üçün əsas olan №97 Xüsusi Nişanı təqdim edib. Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsinin sifarişçi və tikinti layihəsinin qarşısında qoyduğu çoxsaylı və ciddi tələblər sayəsində, tikintinin başlanılması üçün əsas olan xüsusi nişanı az sayda yaşayış kompleksi ala bilib.

Sənəddə, obyektin təyinatı, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsində tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin razılaşdırılması, tikinti layihəsi üzrə dövlət ekspertiza orqanının – Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müsbət rəyi öz əksini tapmışdır.
Azərbaycanda tikinti sektorunun sürətli inkişafı, bu sahədə Qanunvericiliyin də təkmilləşdirilməsinə ehtiyac yaratdı. 29 iyun 2012-ci il tarixli 392-IVQ nömrəli Qanun ilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi təsdiq edildi. Bu sənədə əsasən mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi istisna olmaqla digər yaşayış binalarının tikintisinə icazə tələb olunur. Prosedura əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edir. Ərizəyə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, tikinti layihəsi və sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanı sənədlərin tamlığını yoxlayıb, tikinti layihələrini ekspertizadan keçirilməsi üçün ekspertiza müəssisəsinə göndərir.

Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir. Həmin sorğuya 1 ay müddətində rəy bildirilməlidir. Həmçinin, müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla 3 ay ərzində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Tikintiyə icazə verildiyi halda, bu barədə qərarın surəti və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişan ərizəçiyə eyni vaxtda təqdim olunur.
Əslində isə tikintinin Qanunvericiliyinin tələblərinə əsasən aparılması son zamanlara dək, çox ciddi bir problem idi. Müstəqil araşdırmalara görə, hazırda Bakıda çoxmənzilli yeni tikililərin yalnız 30%-i istismara qəbul edilib.

Çoxmənzilli yeni tikilinin istismara qəbul edilməsi, həm xüsusi nişanın alınması, həm də tikintinin ümumilikdə Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərinə uyğun aparılmasını əhatə edir. Qeyd edək ki, “Renessans Palace” yaşayış kompleksinin aldığı xüsusi nişanda da “Obyektin tikintisi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasının” zəruriliyi qeyd olunur.

Məcəlləyə görə hər hansı torpaq sahəsində tikinti obyektinin, xüsusən də binanın tikintisinə yalnız həmin torpaq sahəsinin avtomobil yoluna çıxışı olduğu hallarda yol verilir. Bundan əlavə tikinti obyekti yanğına qarşı davamlı olmalıdır, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır, səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir, istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır, enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmalıdır, əlillərin və hərəkət imkanları məhdud digər şəxslərin tikinti obyektindən istifadəsi ilə bağlı zəruri infrastruktura malik olmalıdır.