06.09.2016
Paytaxt daşınmaz əmlak bazarı: Qiymət, satış məhsulları və fəallıq

Dövlət statistika komitəsinin məlumatına əsasən 2015-ci ildə bütün maliyyə mənbələri hesabına istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 1932 min m² təşkil etmişdir ki, bu da 2009-cu ilin analoji göstəricilərindən təqribən 29% çoxdur. Mənzil tikintisinin yüksələn dinamikası və 2006-2015-ci illərdə mənzil fondunun ümumi sahəsinin 25 milyon m² artmasına baxmayaraq, ölkədə mənzilə olan tələb hələ də yüksəkdir. Məhz mövcud yüksək tələb fonunda paytaxt və paytaxta yaxın ərazilərdə tikinti işləri sürətlə davam edir, bazara yeni layihələr daxil olur.
“AS Group İnvestment” Şirkətlər qrupu nəzdində strateji araşdırmalar mərkəzi iyul-avqust aylarında tikilməkdə olan 42 yaşayış kompleksi və binasında araşdırma aparıb. Araşdırma predmeti olan obyektlərdən 2016-cı ildə 12-i, 2017-ci ildə 20-i, 2018-ci ildə 10-u təhvil veriləcək. Tikinti şirkətləri əsasən nöqtəvi və ya mərhələli tikintiyə üstünlük verir. Nöqtəvi tikintilərdə sakinlərin minimal tələbatını ödəyəcək infrastruktur olmur. Mərhələli tikinti obyektlərində isə tikinti şirkəti tam infrastrukturlu kompleks təklif etsə də, binalar mərhələli şəkildə təhvil verilir. Sakinlər təmirə və yaşayışa buraxılır, amma binanın ətrafında tikinti işləri davam edir. Bu nöqteyi-nəzərdən “Renessans Palace” yaşayış kompleksi tikintisi kompleks şəklində həyata keçirilən nadir layihələrdən biridir. Yaşayış kompleksində bütün binalar 2017-ci ildə təhvil veriləcək.
Ekonom seqmentdən olan 32 layihənin əhəmiyyətli hissəsi (22) Xırdalan şəhəri və Masazır qəsəbəsində yerləşir. Təmirsiz ekonom mənzillərin 100% ödəniş zamanı 1m² orta qiyməti 720 AZN, təmirli – 1175 AZN təşkil edir. Bakının mərkəzi və mərkəzinə yaxın ərazilərində yerləşən biznes və premium-klass təmirsiz mənzillərin 1m² orta qiyməti 1740 AZN təşkil etmişdir.
Kredit və ipoteka məhsulları əksər layihələrin aparıcı qüvvəsi olmaqda davam edir. Araşdırma predmeti olan 42 layihənin yalnız birində kredit məhsulları yoxdur. 41 layihədə tikinti şirkətlərinin təklif etdiyi daxili kreditin müddəti 12 aydan 7 ilədək, ilkin ödənişi 10-50% arasında dəyişir. İpoteka məhsulları arasında isə 20-illik ipoteka üstünlük təşkil edir (ilkin ödəniş – 10%, illik – 10%). Maraqlıdır ki, əksər layihələrdə nağd və kredit qiymətləri fərqlənir. Halbuki, ipoteka ilə nağd qiymət arasında fərqin heç bir məntiqi izahı yoxdur. Belə ki, həm ipoteka, həm də 100% ödəniş zamanı tikinti şirkəti mənzilin dəyərinin 100%-ni əldə edir. Amma bu məntiqsizlik sonda alıcının ödəmə qabiliyyətini azaldır, ipoteka kreditinin riskliyini artırır. Belə ki, tikinti şirkətindən asılı olaraq daxili kredit və ipoteka zamanı mənzilin 1m² qiymətinin üzərinə 100-300 manat əlavə olunur. Düzdür, burada da istisnalar var. “Renessans Palace” yaşayış kompleksində istər ipoteka və daxili kredit, istərsə də nağd ödəniş zamanı qiymət eynidir.
Ümumilikdə, strateji araşdırmalar mərkəzi yaxın aylarda daşınmaz əmlak bazarında fəallığın artımını proqnozlaşdırır. “Fəallığa mövsümi amillər öz təsirini göstərəcək. Ənənəvi olaraq oktyabr və noyabr aylarında daşınmaz əmlak bazarında fəallıq müşahidə olunur”.

#Yasamal #ipoteka #renessanspalace