20.04.2015
Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC:

“Renessans Palace” yaşayış kompleksində “avtomobilsiz həyət” konsepsiyasına üstünlük veriləcək

Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında “As Group İnvestment“ şirkətinin icra etdiyi “Renessans Palace” yaşayış kompleksi inşa olunur.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, layihəyə görə, ümumi sahəsi 2,67 hektar olan kompleksin tikintisinə 2014-cü ilin mayından başlanılıb.

Premium klass tipli yaşayış kompleksi monolit dəmir-beton karkas texnologiyası ilə tikilmiş 18 mərtəbəli binalardan ibarət olacaq. Binaların inşasında aqlay və qranit, həmçinin izolyasiyaedici materialdan istifadə edilir. Bu da öz növbəsində enerjiyə 30 faizədək qənaət imkanı verir.

Layihənin müəllifləri “avtomobilsiz həyət” konsepsiyasına üstünlük veriblər. Belə ki, nəqliyyat vasitələrinin kompleks ərazisində – həyətdə hərəkəti tam məhdudlaşdırılacaq. Burada 3 mərtəbəli yeraltı dayanacaq, müxtəlif kommersiya və əyləncə obyektləri, uşaq və idman meydançaları fəaliyyət göstərəcək. Yaşıllıqlar salınacaq, abadlıq işləri aparılacaq. Beləliklə, insanların istirahəti üçün 1,5 hektarlıq həyətyanı ərazi yaradılacaq.

Tikinti işlərinin 2016-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır.